featured-image-12773

Elşad Hacıyev: “Bəxtiyar Hacıyevin şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik!”

 

Son günlər sosial şəbəkələrdə həbsdə olan “ictimai fəal” Bəxtiyar Hacıyevə aid intim yazışmalar və videolar yayılıb. Müxalif düşərgə və Bəxtiyara yaxın şəxslərin iddialarına görə, bu yazışmaların yayılması Bəxtiyar Hacıyevin özüylə yanaşı, bir sıra başqa şəxslərin də özəl həyatına müdaxilə hesab olunur.

Sosial şəbəkələrdə mövzu ətrafında müzakirələr zamanı “bəxtiyarçıların” tənqidləri dövlət orqanlarına yönəlir. Onlar iddia edir ki, vətəndaşların təhlükəsizliyini, şəxsi həyat toxunulmazlığını qorumalı olan dövlət orqanları bu yazışmaları paylaşmaqla, əslində, vətəndaşların hüquqlarını pozur, onları təhlükəyə atırlar. Ələlxüsus da bu əsassız şübhələr və iddialar Bəxtiyarın həbsindən öncə daha çox hədəf aldığı və təhqir etdiyi, həmçinin onunla bağlı hazırda istintaqı aparan daxili işlər orqanlarının üzərinə yönəldilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev mediaya açıqlamasında bildirib ki, bu şübhələr və iddialar tamamilə əsassızdır, cinayətkarlığa qarşı mübarizə aparan polis orqanlarını ləkələmək məqsədi güdür. “Bəxtiyar Hacıyev saxlandığı gün Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birlikdə dəvət olunub.  Həmin vaxt onun üzərində elektron daşıyıcı cihaz – mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində isə axtarış aparılmayıb” – Elşad Hacıyev bu sözləri ilə polisə yönələn iddiaların əsassızlığını və heç bir fakta dayanmadığını önə sürür.

Hacıyev fikrinə belə davam edib: “Bu məsələlər istintaqın araşdırma predmetini təşkil etməyib. O, vəkili ilə birlikdə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik”.

Elşad Hacıyev əlavə edib ki, Bəxtiyar Hacıyevin şəxsi hesablarından görüntü və yazışmaların necə yayılmasıyla bağlı məsələnin araşdırılması üçün bir neçə qadın və onların ailə üzvlərindən DİN-ə şikayət daxil olub və bu şikayətlərə aidiyyatı üzrə baxılacaqdır.

“Böyük Şərq” olaraq onu əlavə edə bilərik ki, məlum yazışmaları diqqətlə analiz etdikdə onların yayılması Bəxtiyar və yaxın çevrəsinin işi olduğu aydınlaşır. Bu barədə araşdırmamız davam edir və detaylı şəkildə məsələyə münasibət bildirəcəyik.

Boyuksherg.az

Bənzər xəbərlər