“BALFUR PLANI”NIN İLKİN VARİANTI NECƏ DƏYİŞDİRİLDİ?
Haim Vaysman: “Bizim əcdadlarımız Yerusəlimin təməlini atanda London şəhərinin yerində bataqlıq vardı!”
Haim Vaysman! Bəlkə də çoxlarınız bu adı eşitmisiniz… Diqqətimi çəkən, böyük sayğı duyduğum yəhudi siyasi liderlərdən biridir Vaysman. O, müasir İsrailin qurulmasında ən böyük pay sahibi 3 kişidən (digər ikisi Teodor Herzl və David Ben Quriondu) biridir. Yenicə qurulan ölkənin ilk prezidenti olub… Vaysmanın bir xatirəsindən bəhs edəcəm bu yazıda…
1874-cü ildə Belorusun Brest vilayətinin Motol kəndində anadan olan aşkenazi yəhudisi Vaysman 1910-cu ildə İngilis kraliyyətinin təbəəsi olur. Elə həmin illərdə o, Britaniya Krallığının gələcək xarici işlər naziri Lord Balfurla tanış olub, yaxın dostluq əlaqələri qurur. Məhz bu dostluq əlaqələrindən istifadə edərək, lordu İsrail torpaqlarında yəhudi dövlətinin qurulması fikrinin doğruluğuna ikna edə bilir. Lakin bu o qədər də asan olmur.
Bilindiyi kimi Lord Balfur yəhudu dövlətinin qurulması üçün ilk olaraq “Uqanda planı”nı ortaya atmışdı. O təklif edirdi ki, Avropada yaşayan yəhudiləri Afrika qitəsində yerləşən, Britaniya Krallığının sömürgəsi Uqandaya köşürüb, orada bir yəhudi dövləti yaradılsın. Ancaq o dövrdə sionizm hərəkatına rəhbərlik edən şəxslər – Haim Vaysman və Devid Ben Qurion (yəhudi dövləti qurulması fikrinin banisi Teodr Herzl artıq dünyasını dəyişmişdi) bu plana qarşı çıxırdılar. Lord Balfur yəhudi dövlətinin qurulmasında maraqlı görünsə də, niyə bu dövləti yəhudi xalqının öz ana yurdu olan Fələstində deyil, məhz Uqandada qurmaq istəyirdi fikri diqqəti çəksə də, bu sual başqa mövzunun söhbətidi.
Xülasə, Vaysman xatirələrində qeyd edir ki, lord Balfur “Uqanda planı”na qarşı onun dirəniş göstərməsinin səbəblərini anlamadığını dediyində aralarında belə bir polemika yaşanıb:
“Lordun bu iradına sərt şəkildə belə cavab verdim:
– Cənab Balfur, əgər mən sizə Londonun yerinə Parisi təklif etsəm, siz bu təklifi qəbul edərmisiniz?
Lord başını aşağı salıb, bir xeyli susqun vəziyyətdə durdu, sonra başını qaldırıb mənə baxdı və dedi:
– Doktor Vaysman, nəzərə alın ki, London onsuz da bizdədir, bizim paytaxtımızdır. Onu kiminsə bizə verməsinə gərək qalmır…
– Doğru, haqlısınız, – dedim və bunları əlavə etdim: – Amma siz də onu nəzərə alın ki, bizim ulu əcdadlarımız 3000 il öncə Yerusəlim şəhərinin təməlini atanda sizin Londonun yerində yalnız bataqlıq vardı. Biz bizə aid olanı istəyirik!”
Vaysmanın bu sözləri Balfura o qədər təsir edir ki, o, heç nə demir, sadəcə, razılıq əlaməti kimi, başını tərpədir. Bu söhbətdən sonra yəhudi dövlətinin qurulmasıyla bağlı “Uqanda planı” həmişəlik olaraq arxivə daşınır və təxminən 40 il sonra əzəli yəhudi torpaqları olan Fələstində İsrail dövləti qurulur…
P.S. Vaysman və Balfur arasındakı dialoq Rina Heerin “Улицы хранят память” adlı kitabından götürülüb. Kitabın PDF variantı internetdə var. İsrail və yəhudi mövzusu ilə maraqlanan şəxslərə oxumalarını tövsiyyə edirəm. Çox maraqlı kitabdır, oxumaq üçün vaxt ayırmağa dəyər.
Fərəməz NOVRUZOĞLU