featured-image-4565

Əqli mülkiyyət hüquqlarının qorunması Azərbaycanda dövlətin prioritet hesab etdiyi mühüm istiqamətlərdən biridir. TİA.Az-ın xəbərinə görə, bu məqsədlə ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi 2018-ci ildə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılan Azərbaycan Əqli Mülkiyyət Agentliyi ötən zaman kəsiyində kifayət qədər ciddi işlər həyata keçirib. Belə ki, əqli mülkiyyətin qorunması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində önəmli irəliləyişlərə nail olub, bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün mühüm lahiyələr həyata keçirib.

Bu günlərdə Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi sahəsində imzalanan niyyət protokolunu da Əqli Mülkiyyət Agentliyinin bu istiqamətdə həyata keçirdiyi mühüm tədbirlərdən biri kimi qiymətləndirmək olar.
Qeyd edək ki, niyyət protokolunu Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev, “Müəlliflik hüququ uğrunda” (MHU) İctimai Birliyinin sədri bəstəkar Gövhər Həsənzadə, “Rəqəmsal və audiovizual yayım sənayesi” (RAYS) İctimai Birliyinin icraçı direktoru Əli Əliyev və Türkiyənin Musiqi Əsəri Sahibləri Qrupu Məslək Birliyinin (MSG) İdarə Heyətinin sədri Ferhat Göçer imzalayıb.

Sənədi imzalayan tərəflərin birgə səyləri ilə müəlliflərin və ifaçıların əqli mülkiyyət hüquqlarının qorunması nəzərdə tutur. Onlar arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə, müəllif hüquqları sahiblərinin və onların varislərinin müdafiəsinə töhfə verən bu sənəd Azərbaycan müəlliflərinin hüquqlarının qorunması istiqamətində səylərini dəstəkləməklə yanaşı, həm də ölkəmizin dünya birliyində imicinin yüksəldilməsinə xidmət edəcək.

Gələcək əməkdaşlıq çərçivəsində əqli mülkiyyət hüquqlarının kollektiv idarə olunması sahəsində təcrübə mübadiləsi məqsədilə beynəlxalq seminarların, dəyirmi masaların və forumların, tematik ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, müəllif qonorarının toplanması və bölüşdürülməsi üçün Azərbaycan ərazisində texnoloji xidmətlərin tətbiqi üzrə birgə işlərin aparılması nəzərdə tutulur.
Türk həmkarları ilə hüquqların kollektiv idarə olunması sahəsində təcrübə mübadiləsi Azərbaycan müəllifləri və hüquq sahibləri üçün çox vacibdir. Azərbaycanda açıq və şəffaf əqli mülkiyyət bazarının inkişafını təmin etmək, müəlliflərimizə beynəlxalq platformalara və təşkilatlara çıxış imkanı verir. Ümid edilir ki, əməkdaşlıq ölkədə müəllif hüquqlarının müdafiəsi mexanizmlərini gücləndirməklə yanaşı, yaradıcı peşələrin nümayəndələrinə öz işlərinə görə layiqli mükafat almaq üçün yeni imkanlar açacaq.

Xatırladaq ki, Azərbaycan və Türkiyənin kollektiv idarəetmə təşkilatları arasında imzalanmış sənəd tarixən bir-biri ilə sıx bağlı olan iki qardaş xalqın şairlərinin, bəstəkarlarının, yaradıcı insanlarının və digər sənət adamlarının müəllif hüquqlarının etibarlı müdafiəsinə xidmət edəcək.

İmzalanan niyyət protokolu Azərbaycan və Türkiyə arasında dostluq qarşılıqlı fəaliyyət nümunəsi olmaqla, tərəflər arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəd eyni zamanda Azərbaycanla Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanmış tarixi Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində atılan addımlardan biri kimi də dəyərləndirilə bilər. Sözügedən Bəyannamədə qeyd olunur ki, Azərbaycan və Türkiyə hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.

Bənzər xəbərlər