featured-image-6068

Sentyabrın 16-da Bakıda Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fota rəhbərlik ediblər.

Danışıqlar zamanı bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin yüksək səviyyədə qeyd edildiyi vurğulanıb.

Daha sonra strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, müxtəlif istiqamətlərdə, o cümlədən enerji, logistika, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan istifadə etməyin vacibliyi vurğulanıb. Ticarət-iqtisadi əlaqələrinin inkişafında müsbət dinamika müşahidə olunsa da, onun daha da inkişaf etdirilməsnin hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib.

Nazir müavini X.Xələfov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, erməni işğalından azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan sülh gündəliyini irəli sürüb və regionda sülhün bərqərar olması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün müvafiq addımlar atır. Təəssüflə bildirilib ki, Ermənistan tərəfi sülh gündəliyinin irəliləməsini dayandırmaq, üçtərəfli razılaşmaların həyata keçirilməsini əngəlləmək üçün son zamanlar atəşkəsi ardıcıl olaraq pozmağa davam etmiş və nəticədə sentyabrın 12-də iki ölkənin sərhədində ağır nəticələrə səbəb olmuş silahlı təxribat törətmişdir.

Y.Fota Rumıniyanın Azərbaycanla əməkdaşlığa və onunla əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. O, ölkəsinin iqtisadi münasibətlərin, xüsusən də enerji sahəsində əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini bildirib. Hazırkı beynəlxalq böhran şəraitində Azərbaycanın Avropa üçün vacib ölkə olduğu, Avropa və Asiya arasında enerji, logistika, kommunikasiya, ticarət sahələrində mühüm körpü olduğu qeyd olunub.

Hər iki tərəf dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi prinsiplərinə daima sadiq olduqlarını qeyd ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi və onun ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyəti vurğulanıb.

 

Bənzər xəbərlər