featured-image-9383

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi növbəti dəfə sübut etdi ki, sosial mediada işıqlandırılan problemlərə, vətəndaşların müraciətlərinə biganə yanaşmır və dərhal reaksiya verir. Belə məsələlərdə Azərbaycan polis sistemi bütün dövlət qurumlarına nümunə ola biləcək davranış sərgiləyir.

Bu gün səhər tanınmış ictimai fəal və siyasi şərhçi Elmar Hüseynov DİN-ə müraciət edərək, müğənni İlkin Çərkəzoğlunun “Kayf aparır” klipi ilə bağlı narahatçılığını bildirmişdi. E.Hüseynovun müraciətində göstərilirdi ki, bu cür kliplərin yayılması narkotik vasitələrdən istifadənin təbliğinə xidmət edir ki, bu da öz növbəsində Azərbaycan gəncliyinin gələcəyinə vurulan böyük zərbədir.

“Boyuksherg” olaraq Hüseynovun nazirliyə ünvanladığı müraciətin aktuallığını nəzərə alıb, dərc etmişdik. Aradan qısa müddət keçəndən sonra məlum oldu ki, nazirlik operativ şəkildə məsələyə müdaxilə edərək lazımi tədbirlər görüb.

Elmar Hüseynovun özünün yazdığına görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Surxay Əliyev onunla əlaqə saxlayıb və məsələnin həll olunduğunu bildirib.

“Azərbaycanın daxili təhlükəsizliyini və sabitliyini qoruyan bir nazirliyin mənim çağırışıma bu qədər operativ reaksiya verməyi məni çox sevindirdi. Bayram günündə – müraciətimdən heç bir gün keçməmiş nazirliyin əməkdaşı Surxay Əliyevin mənimlə əlaqə saxlayıb, məsələnin həll olunduğunu bildirməsi təbii ki, dövlətin mühüm bir strukturunun etibarlı əllərdə olduğunun göstəricisidir.” – Elmar bəy bizimlə söhbətində bunları dedi.
Həqiqətən də DİN rəhbərliyinin vətəndaşların müraciətlərinə biganə yanaşmaması, dərhal reaksiya göstərməsi polis sistemində peşəkarlıq səviyyəsinin yüksək olması və öz işinə vicdanla yanaşmasının göstəricisidir.

Son olaraq onu da bildirək ki, qısa müddət ərzində 100 mindən çox baxış olan “Kayf aparır” klipi polisin məsələyə müdaxiləsi nəticəsində sosial şəbəkədən yığışdırıldı. Ümid edirik ki, digər dövlət qurumları da polis sistemi kimi öz işinə vicdanla yanaşmağı öyrənəcəkdir.

Bir daha cənab nazir Vilayət Eyvazov başda olmaqla, bütün polis sistemini ZƏFƏR BAYRAMI münasibəti ilə təbrik edir, onlara dövlətimizin və asayişimizin keşiyində müvəffəqiyyətlər arzu edirik.

Boyuksherg.az

Bənzər xəbərlər