featured-image-9816

“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Milli Müdafiə Universitetini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq, NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğunu bildirib. Ölkəmizin NATO ilə mövcud hərbi əməkdaşlığının bundan sonra daha da genişləndirilməsində maraqlı olduğu qeyd edilib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən kontr-admiral Q.Brusdal Azərbaycan Ordusunun müxtəlif sahələrində görülən işlərin hərbi təhsil sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO-nun müxtəlif proqramları çərçivəsində fəaliyyətlərini yüksək qiymətləndirən qonaq Azərbaycan ilə NATO arasında əlaqələrin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra Milli Müdafiə Universitetinin və onun nəzdindəki digər hərbi təhsil müəssisələrinin fəaliyyət istiqamətləri, strukturu və qarşıda duran vəzifələri ilə bağlı qonaqlara brifinq təqdim olunub.

NATO nümayəndə heyəti də öz növbəsində, NATO-nun tarixi, strukturu və Azərbaycan-NATO əlaqələrini özündə əks etdirən prezentasiyaları dinləyicilərə təqdim edib.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Bənzər xəbərlər