featured-image-13327

Fazil Mustafanın hədəf seçilməsi hadisənin əvvəlcədən planlaşdırılan siyasi terror olduğunu göstərir

 

Dünən – martın 28-də Böyük Quruluş Partiyasının (BQP) sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının görkəmli nümayəndəsi, parlamentin üzvü, dəyərli dostumuz Fazil Mustafaya qarşı sui-qəsd – terror aktı həyata keçirilib. Hadisə ilə bağlı müxtəlif fərziyyələr, yanaşmalar olsa da, mübahisəsiz qəbul edilən yekdil rəy odur ki, baş verən hadisə adi cinayət faktı deyil, əvvəlcədən düşünülmüş, planlanmış siyasi terror aktıdır. Hazırda istintaq gedir və prosesə mane olmamaq üçün terror aktının sifarişçisi barədə konkret ünvan göstərmək bəlkə də yanlış olardı. Ancaq hadisələrin gedişatının dərindən təftiş və təhlili, Fazil bəyin siyasi fəaliyyəti və bununla bağlı indiyə qədər ona qarşı təhdidlərin nəzərdən keçirilməsi istəsək də, istəməsək də aydın panoramanı gözümüz önündə canlandırır. Və əksəriyyət üçün terror aktının sifarişçisi kimi tərəddüdsüz ilk ağla gələn ünvan olaraq Tehranın molla rejimini görə bilirik. Yeri gəlmişkən, indiyə qədərki bənzəri terror aktları, məsələn, Ziya Bünyadov, Etibar Erkin və Rafiq Tağıya qarşı reallaşdırılan qanlı cinayət hadisələri, o cümlədən Tehrandakı səfirliyimizə silahlı basqın hadisəsinin dərindən təhlili, baş vermə səbəbləri, məkan və zaman seçimi və bütün bu terror hadisələri ərəfəsində molla rejiminin sözçüləri tərəfindən səsləndirilən bəyənatlar Fazil bəyə terror edilməsi sifarişini verən ünvan haqqında müəyyən təsəvvürlər formalaşdırır…

Hələlik məlum olan faktlara əsaslanıb deyə bilərik ki, terror hadisəsini törədən şəxs və ya şəxslər Fazil Mustafanı qətl etmə sifarişini alıbmışlar. Bunu ona görə yazıram ki, bəzi qaynaqlarda belə bir versiya irəli sürülür: məqsəd Fazil bəyi öldürmək yox, qorxutmaq, göz dağı vermək olub. Bu, yanlış fikirdir. Bu fikri irəli sürənlərin tək istinad nöqtəsi Fazil bəyə atılan güllələrin onun bədəninin həyati təhlükə törətməyən bölgələrinə isabət etməsidir.

Rəsmi məlumatlara görə, millət vəkilinə 7 güllə atılıb, onlardan yalnız ikisi hədəfə dəyib. Bu da onu göstərir ki, sui-qəsdi planlayanların əsas məqsədi heç də Fazil bəyi qorxutmaq yox, onu cismən məhv etmək olub, sadəcə olaraq, xoş təsadüf nəticəsində sağ qala bilib. Burada terroru edən şəxsin təlaş qapılması ilə yanaşı, Fazil bəyin iti ağlı və qeyri-adi cəldliyi də mühüm rol oynayıb. 35 ildir yaxından tanıdığım Fazil Mustafa, hal-hazırda yaxın əlaqələrimiz olmasa da, mediadan izlədiyim qədərilə bu günün özündə də idmanla məşğul olur. Hadisədən sonra xəstəxanada açıqlama verən millət vəkilinin sözlərindən anlaşılır ki, əgər o, təlaşa qapılıb sayıqlığını itirsəydi, heç şübhəsiz, həyatını da itirmiş olardı. Lakin o, bir an da olsun sayıqlığını itirməyərək, ən doğru qərarı qəbul edib, cəldliyi sayəsində yaşadığı binanın həyətinə girərək qapını bağlayıb və beləliklə, terrorçu üçün əlçatmaz olub.

Bu terror aktının reallaşdırılmasında ən çox diqqəti çəkən məqam hansı səbəblərdən Fazil Mustafanın hədəf seçilməsidir. Niyə bir başqası yox, məhz Fazil Mustafa hədəf seçildi? Oxucu üçün daha aydın olsun deyə, məsələni bir qədər də açmaq istəyirəm. İlk onu qeyd edim ki, bu sətirlərin müəllifi olaraq, Fazil Mustafaya qarşı həyata keçirilən terror aktının arxasındakı qüvvənin cənub qonşumuz olduğu versiyasını irəli sürənlərdənəm. Doğrudur, bu versiya hələlik bir fərziyyədir, ancaq şəxsən mən belə hesab edirəm ki, ciddi araşdırma və doğru istintaq bu fərziyyəni həqiqətə çevirə bilər.

Qayıdaq Fazil bəyin hansı səbəbdən hədəf seçilməsi məsələsinə… Tehran molla rejiminin uzun illərdir dövlətimizə qarşı beynəlxalq hüquqa və mehriban qonşuluq siyasətinə sığmayan aqressiv münasibəti təbii olaraq vətəndaşlarımız tərəfindən sərt şəkildə tənqid olunur. Klerikal rejimə qarşı çıxış edənlər içərisində ictimai-siyasi çevrələrdə kifayət qədər tanınan sənət adamları, media nümayəndələri, siyasi sektora aid insanlar var. Hətta inanclı vətəndaşlarımız içərisində də molla rejimini sərt tənqid edənlər az deyil. Bəs, nədən bir başqası yox, Fazil Mustafa hədəf seçildi?

Bu yazıya başlamadan öncə həm Fazil bəyin, həm də digər tanınmış şəxslərin Tehran rejimi əleyhinə bəzi yazılarını, mediaya açıqlamalarını yenidən nəzərdən keçirdim. Təvazökarlıqdan kənar olmasın, bu sətirlərin müəllifi kimi, şəxsən mənim bir çox yazılarım Fazil bəy tərəfindən qələmə alınan və dilə gətirilən fikirlərindən daha sərt tonda olub. Ancaq dəyərli dostumuzun fikirləri bizlərin fikirlərindən bəzi çalarlarına görə fərqlənir. Bildiyimiz kimi, Fazil bəy inanclı adamdır, namaz qılır, oruc tutur… bir sözlə, islam qaydaları ilə yaşayır. O, həm də islam fəlsəfəsini dərindən təhlil edir, hətta bu haqda maraq doğuran çox sayda məqalələr dərc etdirib. Fazil bəyin islam fəlsəfəsini dərindən təhlil etməsi, bunu mövcud Tehran rejiminin qanun və qaydaları ilə müqayisəsi sistemli xarakter daşıyır. Yəni, mən və digərlərindən fərqli olaraq, o, öz işini özfəaliyyət üzərində qurmur, müəyyən sistemə salır, ən əsası da, elmi əsaslara dayanaraq, ictimaiyyətin diqqətinə çatdırır. Daha açıq söyləsək, Fazil Mustafa molla rejiminə qarşı mübarizəsini siyasi professionallıq üzərində qurub. Tehran rejimini qorxudan da məhz bu faktordur.

Başqa mühüm bir səbəb isə Fazil Mustafanın sosial statusu ilə bağlıdır. Onun siyasi karyerası ən az 35 ilə dayanır. Həm də Fazil bəy, populizm və şüarçılıqdan uzaq, fikir və düşüncələri praqmatizmə dayanan, soyuqqanlı, siyasətdə zaman və şəraiti ən doğru şəkildə istifadə edə bilən başarılı siyasi xadimdir.

Fazil Mustafa müxalifət partiyasını təmsil etsə də, iqtidara qarşı gərəksiz aqressiya göstərənlərdən deyil, konstruktiv mövqeyi ilə fərqlənir. Milli və dövlət əhəmiyyətli məsələlərdə də ayrılıqçı mövqedən çıxış etmir, siyasi konsolidasiya nümayiş etdirir. Etiraf etmək lazımdır ki, mövcud siyasi situasiyada bu, ən doğru yoldur. Fazil bəyin konstruktiv mövqeyi heç şübhəsiz ki, iqtidar tərəfindən də layiqincə qiymətləndirilir və onun bir çox təklifləri dəyərləndirilərək, siyasi yönətməlikdə öz həllini tapır.

Millət vəkilinin parlament fəaliyyətini diqqətlə araşdırdıqda Tehran molla rejiminin ölkəmizə qarşı aqressiv münasibətinə onun sərt mövqe ortaya qoymasının xüsusilə fərqləndiyini görə bilərik. Fazil bəyin digərlərindən fərqi həm də ondadır ki, o, təkcə problemi göstərmir, həm də bu problemin həlli yollarını ortaya qoyur. Məsələn, son parlament çıxışlarının birində o mövzu ilə bağlı ciddi təkliflər irəli sürdü. Tehran Respublikasının ərazisində yerləşən dini ibadət yerlərinə ziyarətlə bağlı belə təklif irəli sürdü ki, bu məsələ özfəaliyyətdən çıxmalı və dövlətin nəzarətində olmalıdır. Fazil bəy həmin çıxışında onu da dedi ki, cənub qonşumuzun məqsədi aydındır, bu cür ziyarət yerlərinə gedənlərə nüfuz edir və onları potensial tərəfdaşlarına çevirir. O, təklif etdi ki, təhlükənin daha da böyüməməsi üçün həmin ziyarətə gedənlər “risk qrupu” hesab edilərək, daima nəzarətdə saxlanılmalıdır. Fazil bəy bir xüsusi məqama da toxundu: ölkəmizdə Tehran molla rejiminin tərəfdarlarından “xüms” adı altında xüsusi vergi toplanır və mollalara yollanır, sonradan bu vəsait ölkəmizə qarşı terror aktlarının reallaşdırılması üçün istifadə olunur. Bunu adi adam yox, 35 illik başarılı siyasi mazisi olan, çox sayda insanın sayğıyla qarşıladığı siyasi xadim, millət vəkili dilə gətirirdi, həm də birbaşa parlament tribunasından. Təbii ki, molla rejimi Fazil bəyin bu və digər bənzəri çıxışlarını dövlətimizin siyasi mövqeyi olaraq qəbul edir və məncə, yanılmırlar da. Bax, elə bu səbəblərdən, sosial şəbəkənin hansısa aktivisti yox, daha ciddi sosial statusa sahib, daha ciddi siyasi persona Fazil Mustafa hədəfə alındı.

Millət vəkilinə qarşı terror aktının törədilməsi Tehran molla rejiminə həm də ona görə lazım idi ki, onlar bununla ölkəmizdə sabitliyi pozmaq, cəmiyyəti daima qorxu altında saxlamağı düşünüblər. İstər-istəməz sıradan bir vətəndaş düşünə bilər: millət vəkilinə qarşı terror edilirsə, bəs, məni kim qoruyacaq, axı siyasi stabillik heç də ürəkaçan deyil…

media-Fazil Mustafa

Bu cür təbliğatlar artıq başlayıb… AXCP sədri Əli Kərimli son iki statusunda ölkəmizə qarşı həyasızcasına aqressiya ortaya qoyan Tehran molla rejimini qınamaq yerinə, yenə də dövlətimizi hədəf alıb, guya iqtidar ölkəyə nəzarəti itirib, stabilliyi qoruya bilmir, vətəndaşların həyatı təhlükədədir və s. Halbuki hansısa terror aktının törədilməsi heç də stabilliyin pozulması demək deyil. Dünyanın ən nəhəng gücü olan ABŞ-da hər gün onlarca terror hadisəsi baş verir. Məgər bu o deməkdir ki, ABŞ rəhbərliyi ölkəyə nəzarət imkanını itirib, stabilliyi qoruya bilmir? Heç kəs terrordan sığortalanmayıb. Siyasi stabilliyin pozulması, ölkəyə nəzarət imkanının olmaması o halda mümkün olardı ki, baş verən terror hadisəsindən istifadə edən maraqlı qüvvələr ortaya çıxa və təxribatlar zəncirini davam etdirərdi, güc strukturları isə bunun qarşısını almaqda acizlik göstərərdi. Amma DİN və DTX-nın son dövrlər həyata keçirdiyi əməliyyat tədbirləri hər şeyin nəzarət altında olduğuna, baş verməsi ehtimal olunan geniş təxribatların qarşısının dövlət tərəfindən vaxtında alınacağına bariz sübutdur. Əli Kərimli isə, qeyd etdiyim statuslarında, əslində, arzu etdiyi təxribatların olması üçün kimlərəsə subliminal mesajlar verir.

Bütün sadalanan faktorlar terror edilməsi üçün Fazil Mustafanın hədəf seçilməsinin heç də təsadüf olmadığını göstərir. Yuxarıda da qeyd etdiyim kimi, həm ağıllı və sistemli mübarizə metodu, həm sosial statusu, həm də Tehran rejiminin ölkəmizdəki tərafdar-troll ordusunun xüsusi nifrətini qazanması Fazil Mustafanı potensial hədəfə çevirmişdi. Məlum terror aktından həmən sonra mollaların tərəfdar-troll ordusunun virtual aləmdə dərhal hərəkətə keçməsi onların real olaraq hərəkətə keçəcəklərinə də zəmin hazırlayırdı. Ancaq qısa müddət sonra bu trolların böyük əksəriyyətinin öz profillərini bağlayıb yoxa çıxmaları hər şeyin nəzarətdə olduğunu göstərir. Qəti əmin ola bilərik ki, dövlətin iki mühüm strukturu – DİN və DTX ayıq və sayıqdır!

Terror aktının arxasındakı qüvvənin Tehran rejimi olduğunu sübut edən digər diqqət çəkən məqamlar da var. Uzun illər öncə Rafiq Tağı haqqında Fazil Lənkərani adlı bir ayətulanın fitvasını xatırlayın. Bu, Tehran rejiminin xüsusi xidmət orqanlarına xas metoddur. Əvvəlcə belə fitvalarla qorxu mühiti yaradır, sonra da gözlənilməyən məqamda icraata keçirlər. Səfirliyimizə hücumla bağlı da eynilə bu cür metoddan istifadə olundu. Hadisədən 6 ay qabaq səfirliyə hücum ediləcəyi ilə bağlı internetdə açıq bəyanlar edilmişdi.

Fazil Mustafaya qarşı terror hadisəsi də oxşar ssenari üzrə baş verib. Sosial şəbəkədə bu haqda kifayət qədər sübut xarakteri daşıyan informasiyalar var.

Hadisənin Tehran rejimiylə bağlılığını inandırıcı göstərən aşağıdakı versiyaları da diqqətinizə çatdırıram:

– bir neçə gündür ölkəmizdə Azərbaycan dövlətinin mənafeyinə zidd olaraq, Tehran molla rejiminə agentlik edən şəbəkənin ifşası və çox sayda antimilli qüvvənin həbs edilməsi prosesi davam edirdi. Bu əməliyyat nəticəsində molla rejiminin böyük maliyyə vəsaiti xərcləyərək qurduğu geniş şəbəkə demək olar ki, çökdürülüb;

– terror hadisəsi baş verən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətinin peşə bayramı idi. Nəzərə alaq ki, Tehran şəbəkəsinə qarşı anti-terror əməliyyatlarında DTX DİN-lə birlikdə xüsusi olaraq fərqlənib;

– terror aktının İsraildəki səfirliyimizin açılışı ilə üst-üstə düşməsi faktı da təsadüfi deyil. XİN rəhbərliyi açılışda iştirak etmək üçün İsrailə səfərə yollanmışdı…

Bütün bunlar onu göstərir ki, Fazil Mustafaya qarşı terror aktının həyata keçirilməsi üçün məhz 28 mart tarixinin seçilməsi təsadüfi hal ola bilməz. Qeyd edildiyi kimi, həmin gün DTX-nın yaradılması ildönümü idi. Milli çekistlərimizin peşə bayramı günü önəmli bir siyasi xadimə terror edilməsi həmin şəxsdən – Fazil bəydən intiqam alınması kimi, həm də DTX-ya son əməliyyatlarla bağlı subliminal mesaj xarakteri daşıyır.

Terror aktı İsraildəki səfirliyimizin açılmasına qarşı da misilləmə hesab oluna bilər. Maraqlıdır ki, təhlillərində heç bir zaman yanılmayan İsrail qaynaqları da məsələnin bu tərəfinə xüsusi diqqət çəkir və terror aktının arxasında Tehran rejiminin olduğunu göstərir.

Hadisə ilə bağlı xüsusi bir məqam da ondan ibarətdir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz teleqram kanalında belə bir məlumat yaymışdı: “Anti-İran və İslam əleyhinə bəyanatları ilə tanınan Azərbaycan Milli Məclisinin deputatı Fazil Qəzənfəroğlu (Mustafa) öldürülüb!” Maraqlıdır, deyilmi?

Son olaraq qeyd etmək istərdim ki, Fazil Mustafaya atılan güllələr Azərbaycanın onuruna, qüruruna atılıb! O güllələr dövlətçiliyimizə qarşı atılıb! Bunun cavabı mütləq verilməlidir!

Fazil Mustafaya qəsd edənlərin, bu qəsdin arxasındakı qüvvələrin ifşası və məsələyə hüquqi qiymət verilməsi düşmənlərimizə layiqli cavabımız olacaq. Mən dövlətimizə sonsuza qədər inanıram! İnanıram ki, Fazil Mustafaya güllə atanlar, bu terroru sifariş edənlər tezliklə ifşa olunacaq!

Dəyərli millət vəkilimizin diqqətinə isə çatdırmaq istərdim ki, əziz qardaş, sən tək deyilsən! Bütün Azərbaycan səninlədir, sənin haqq mübarizənin arxasındayıq!

Fazil Mustafaya qəsd edənlər, terror aktının arxasındakı sifarişçilər ifşa olunduqdan sonra “HAMIMIZ FAZİL MUSTAFAYIQ, HAMIMIZ TERROR REJİMİNƏ QARŞIYIQ!” şüarı ilə meydana çıxıb, əzəli və əbədi düşmənlərimizə öz gücümüzü göstərməliyik!

Tanrıdan dəyərli Fazil Mustafaya acil şəfalar diləyirəm!

YAŞASIN VAHİD VƏ BÖYÜK AZƏRBAYCAN!!!

Fərəməz NOVRUZOĞLU

Bənzər xəbərlər