featured-image-5123

Ağ hunlar və abandlar həm Qarabağda, həm də Zəngəzurda məskunlaşmışdılar

Hazırda Ermənistan mediasında və sosial şəbəkələrində müzakirə olunan əsas məsələlərdən biri “Haqqın.az” portalının baş redaktoru Eynulla Fətullayevin Laçın şəhərinə və Laçının Zabux kəndinə getməsidir. Məsələ ilə bağlı erməni fəalları Rusiya sülhməramlılarına aramsız etiraz edirlər. Verdikləri açıqlamalarda Eynulla Fətullayevi guya Laçında olarkən tanımadıqları barədə dedikləri ağ yalandır. Rus sülhməramlılarının qorxusundan cınqırlarını çıxara bilməyənlər, görünür, “toydan sonra nağara çalmağa” başlayıblar.
Sözüm bunda deyil…

Ermənistan mediası şövqlə yazır ki, guya “Axovna” icmasının başçısı, Livandan gətirilərək Zabuxda məskunlaşdırılmış terrorçu Andranik Çavuşyan Eynullaya “tarix dərsi” keçib, Zabuxun “qədim erməni torpağı” olmasını isbat edib, misal olaraq orada 4-cü əsrdə tikilmiş erməni kilsəsinin olmasını göstərib.
Söhbət ermənilərin “Tsirtsernavank” adlandırdığı Ağoğlan kilsəsindən gedir.

 

Ağoğlan kilsəsi ilk dəfə tikildiyi zaman, yəni islamın Qafqazda yayılmasından öncə “Zəngəzur” toponimi hələ yaranmamışdı. Ərazi ümumi şəkildə “Süni” vilayəti adlanırdı. Bu vilayət bizim indiki təsəvvürümüzdəki Zəngəzurdan daha geniş idi, Göyçə mahalını da əhatə edirdi. Məşhur tarixçi və coğrafiyaşünas Strabon həmin mahalda böyük bir göl və o gölün adının YERLİ ƏHALİNİN DİLİNDƏ “göy” olduğunu yazırdı. Ermənilər həmin gölü “Sevan” (“Sev” ermənicə “qara” deməkdir), biz türklər isə GÖYÇƏ adlandırırıq. Bu, çox ciddi ipucudur.

Ərəb tarixçiləri yazırdı ki, islama qədər Arranda, Arranın paytaxtı Bərdədə əhalinin öz dili, Süni vilayətində isə öz dili vardı.

Bərdədə danışılan dil Qarqar dili idi. Alban əlifbası qarqar dili əsasında formalaşdırılmışdı, Bərdə alban xristianlığının əsas mərkəzlərindən idi. Odur ki, Qarqar dilinin Bərdədə əsas ünsiyyət dili olması təbii idi. Ancaq ikinci zonada – Sünidə danışılan əsas dil isə türkcə idi, baxmayaraq ki, orada da kilsənin yazı dili Qarqarlara məxsus idi.

QEYD: Azərbaycanın türkləşməsi ilə Anadolunun türkləşməsi tamam fərqli prosesdir və ancaq Səlcuqlardan sonra eyniyyət təşkil edir. Ona görə də bu məsələdə Türkiyə tarixçilərinin təsirinə düşmək lazım deyil. Onlar bölgədə Səlcuqlardan öncəki Türk tarixinə doğru yanaşmırlar. Bir faktı yada salaq ki, Osmanlı imperiyasının qurucusu Qayı boyu Anadoluya Azərbaycandan köçmüşdü.

Alban tayfa ittifaqı özündə 4 əsas komponenti birləşdirirdi:

1) Alp Ər Tunqanın yürüşündən başlayaraq bölgəyə gəlmiş türklər (skif-saklar, hunlar, xəzərlər və s.);

2) Əhəməni və Sasani imperiyalarının köçürdüyü İrandilli tayfalar;

3) Makedoniyalı İskəndərin Kipr adaları istiqamətindən köçürdüyü tayfalar – Qarqarlar, Abandlar;

4) Qafqazdilli tayfalar.

Ağvanda xristianlıq Sünidən, Sünidə isə ermənilərdən öncə qəbul edilmişdi. Odur ki, Ağvanlar Sünidəki tayfalara, Süni xristianları isə Van gölü ətrafındakı haylara daim minnət qoyurdular ki, əqidədə biz sizdən üstünük.

Həm Ağvan, həm də Süni əhalisinin etnik tərkibi yuxarıda dediyimiz dörd komponentdən ibarət idi, sadəcə çoxetnoslu mühitdə ƏSAS DİL fərqlənirdi.

“Ağoğlanlar” bölgədəki ağ hunların adıdır. “Süni”lər də elə əslində, ağ hunların bir tayfasıdır. Ağ hunların Qarabağa, Zəngəzura yerləşməsi təxminən 1000 il çəkmiş və eramızdan əvvəlki əsrlərdə başlamışdı. Zəngəzurda əsas dil də ağ hunlara və onlardan sonra abandlara – Makedoniyalı İskəndərin qarqarlarla birgə köçürdüyü daha bir tayafaya məxsus idi. Ağ hunlar, eləcə də abandlar həm Qarabağda, həm də Zəngəzurda məskunlaşmışdılar. Heç də təsadüfi deyil ki, Qarabağda da “Ağoğlan kilsəsi” var.

Laçındakı Ağoğlan kilsəsi erməni dilindəki qaynaqlara görə Süninin “Ağaeçk” nahiyəsində yerləşirdi. Nahiyənin adı hunların bir qolu olan akasirlər – ağaçərilərlə bağlıdır. Ağoğlan kilsəsi ermənilərin “Axovna” dedikləri çayın sahilindədir.

AXOVNA nə deməkdir?

Erməni dilində günümüzə çatan mənbələrdə yunanların ümumən “Alban” dediyi tayfalara “Aluan”, “Ağvan”, o cümlədən AXOVAN deyilir. Numunə üçün Böyük Vardanın “Ümumi tarix” kitabına baxa bilərsiniz.
“Axovna” / “Aqovna” “AXOVAN”dan törəməklə “Alban çayı” deməkdir.

Kilsəyə gəlincə, XIX əsrdə erməni tarixçiləri, – məsələn, İstanbulda doğulmuş katolik erməni Gevond Alişan – “tsitsernavank” sözünün mənasının “çeçələ barmağı” olmasını iddia edirdilər. Guya İsanın 12 həvarisindən biri olan müqəddəs Pyotrun məzarından çeçələ barmağı gətirilərək həmin kilsədə basdırılıb. Müqəddəs Pyotrun məzarı Romadadır və üzərində məşhur katolik kilsə komleksi var. 326-cı ildə imperator Konstantin müqəddəs Pyotrun məzarının qorunması ilə bağlı göstəriş vermiş və kompleksin təməli də o zaman atılmışdı. Yəni, İsanın həvarisinin çeçələ barmağını məzardan çıxarmaq mümkün deyildi. Görünür, Gevorq Alişan özü də katolik olduğundan kilsənin katolikləşdirməyə zəmin hazırlamaq üçün bu iddianı ortaya atmışdı.

Ermənilər daha sonra “tsitserna” ifadəsini “qaranquş” kimi də təqdim etməyə başladılar. Bu da səbəbsiz deyildi.

Laçında dolaşan rəvayətə görə, qədim dövrlərdə iki zahid dini ayin üçün qazan asıblarmış. Bir qaranquş sağa-sola uçaraq özünü qazana atır və qaranquş müqəddəs olduğundan onun düşüb yandığı yeməyi günah hesab edən zahidlər qazanı yerə aşırdırlar. Bu zaman qazanın içindən ilan çıxır. Zahidlər hesab edirlər ki, qaranquşu Tanrı onları xilas etmək üçün göndərib və ona görə də, torpağı qazıb quşcuğazı dəfn edirlər. Həmin məkanda sonradan tapınaq tikilir və sonralar o tapınaq kilsəyə çevrilir.

Göründüyü kimi, Ağoğlan kilsəsinin tarixi xristianlıqdan əvvələ gedir və arxeoloji qazıntılar da bunu təsdiq edir. Yəni, dərinə gedəndə sözügedən kilsənin inşasının nəinki monofizitliyə, ümumiyyətlə, xristianlığa dəxli yoxdur. Qaranquş kultu Azərbaycanda islamaqədərki inanclarla bağlıdır. Bu gün də qaranquş yuvasını uçurmaq bütün türk xalqlarında günah sayılır.

Sual olunur: Gevorq Alişan “tsitserna” sözünün mənasının “çeçələ barmağı” yox, “qaranquş” olduğundan məlumatsız idi? Axı o, qrabar erməni dilini o qədər dərindən bilirdi ki, şeirlərini də məhz “qədim dildə” yazırdı?
Bizim əfsanəni oğurlayaraq “Tsitsernavank”ı izah etməyə çalışdılar.

Bəli, hər iki məna sonradan uydurulub.
Gerçək belədir:
QƏDİM SKİFLƏRDƏ/SAKLARDA “SİSİRNƏ” kəliməsi mövcud idi.
“Sisirnə” boynu xəzli qaftana deyilirdi.
Yeri gəlmişkən onu da qeyd edim ki, Səfəvilər dövründə Quştasif adlanan bu nahiyədə “Axovna” adlı kənd olmayıb. Zabux kəndinin adını işğal dövründə ermənilər çayın adına uyğunlaşdırmaqla süni şəkildə dəyişiblər. Bir ara da “Arvayan” qoymaq istədilər, amma qaynaq tapa bilmədilər. Səfəvi-Osmanlı savaşlarında bəzi türk obaları vardı ki, hansı tərəfin qalib gəlməsindən asılı olaraq məzhəbini dəyişir, şiəlikdən sünniliyə, sünnilikdən şiəliyə keçirdi. Səfəvi qaynaqlarında bu cür obalar “sapıq”, yerli ləhcədə “sapuq” adlanırdı. Zabux kəndinin yaxınlığındakı Sümüklü qəbiristanlığında bircə erməni qəbri olmadığı halda, xeyli qoç və at heykəlli məzarlar var. Odur ki, “Zabux” toponiminin mənasını hər hansı başqa dildə deyil, elə türk dilində axtarmaq daha doğrudur.

Sonda onu da deyim ki, həmin ətrafda saklarla bağlı xeyli toponim var. Bunlardan biri də ermənilərin “Xnatsak”, bizim “Xənəzək” adlandırdığımız kəndin adıdır. “Xaneyi-sak” söz birləşməsindən törəyən yer adının mənası “Sak evi” deməkdir.

media-received_393660362704905

media-received_1846019222403992

Taleh Şahsuvarlı

Bənzər xəbərlər