featured-image-4965

Bir illik siyasi xaosa yol açan gizli görüş

 

Rəhim Hüseynov: “Bir dəfə Rəhim Qazıyev Pənah Hüseynovu az qala öldürəcəkdi. Mən cəld tərpənib onun başına vurmaq üçün götürdüyü külqabını əlindən aldım… Əvvəlcə külqabını, sonra da butulkanı əlindən alanda əlim kəsildi. Elçibəyə dedim ki, sən niyə imkan verirsən belə şeylərə? Dedi, neyniyim, mən onlarla bir yerdə sosiska yemişəm…”

 

 

Müsavat Partiyasının başkanı Arif Hacılı son statuslarından birində maraqlı bir hadisə barədə bəhs edib. Hadisə qalmaqallarla zəngin, siyasi xaosun hökm sürdüyü 1992-ci ilə aiddir. Köhnə qvardiyanın insanları o dövrü çox yaxşı xatırlayar. İqtidar uğrunda amansız didişmə bərabərində iqtisadi və siyasi çöküşü də gətirmiş, yenicə müstəqilliyini qazanan Azərbaycanın dünya siyasi xəritəsindən silinməsi təhlükəsi ortaya çıxmışdı. Arif bəyin toxunduğu məsələ məhz o dövrə təsadüf edir…

 

Müsavat başkanının dediyindən anlaşılan o ki, o dövrün siyasi arenasında müəyyən söz sahibi olan insanlar (həm iqtidar, həm də müxalifəti təmsil edənlər) bir yerə toplaşıb, böhrandan çıxış yolları axtarırmışlar. Çıxış yolunu da hakimiyyətin bölüşdürülməsində görüblər.

Arif bəy yazır: “1992-ci ilin may ayının 17-də hakimiyyət böhranı ilə əlaqədar məsələləri müzakirə etmək üçün Nazirlər Kabinetində – Baş Nazirin kabinetində toplaşdıq. Burada əvvəlcədən o zamankı Baş Nazir Rəhim Hüseynov, Ziyad Səmədzadə, Rəhim Qazıyev, Vahid Əhmədov (bu görüşün əsas təşəbbüsçülərindən biri o idi), Firudin Cəlilov var idi. Biz – Əbülfəz Elçibəy, İsa Qəmbər və mən buraya sonradan gəldik (Pənah Hüseyn yazıb ki, o da bu görüşdə olub. Mən onu xatırlamıram, amma onun iştirakını istisna da etmirəm). Sonradan Tamerlan Qarayev də gəldi. Dəqiq yadımdadır ki, məhz onun təklifi ilə Abbas Abbasovun Baş Nazirin müavini təyin olunması haqda kompromis razılıq əldə olundu. Bu, çox mühüm bir görüş idi. Bu barədə ətraflı yazım yəqin ki, yaxın zamanlarda dərc olunacaq…”

Arif bəyin bəhs olunan statusu xeyli genişdir. Ancaq mənim diqqətimi çəkən və bu yazımın motivini təşkil edəcək əsas məqamlar statusun bu bölümündədir. Burada diqqət çəkən bir neçə məqam var:
– Tamamilə çökmüş və bir türlü böhrandan çıxa bilməyən iqtidarla danışıqlara gedən AXC nümayəndələrinə mandatı kim vermişdi? Bildiyim qədərilə bu mandatı verəcək orqanın – AXC Məclisinin belə bir qərarı olmayıb;
– “Sonradan Tamerlan Qarayev də gəldi” fikri sübut edir ki, onun oraya gəlişi spontan alınıb, yəni AXC nümayəndələri təşkilatın hər hansı bir qərarıyla ora getməyiblər və onların bu siyasi görüşdə iştirakı özfəaliyyət olub. Bunu Arif Hacılı cənablarının “Pənahın orda olmasını xatırlamıram” deməsi də təsdiq edir;
– Tamerlan Qarayevin təklifi ilə Abbas Abbasovun Baş nazirin müavini təyin olunmasını necə anlayaq? Abbasov kimin kadrıydı – AXC-nin, yoxsa iqtidardakı sabiq kommunist qruplaşmasının? Abbas Abbasovun Orta Asiya mənşəli mafiya qruplaşması ilə (məsələn, “Tayvançik” ləqəbli Olimjan Tursunoviç Toxtaxunovla) geniş əlaqələri olduğunu bir çoxları bilirdi. Elə isə, hüquq professoru Qarayevin qaranlıq və şübhəli keçmişə sahib birinin Baş nazirin 1-ci müavini təyin olunması haqdakı təklifinin arxasındakı əsas səbəb nə idi? Mənim bildiyimə görə, axı AXC mafiyaya qarşı idi;
– Arif Hacılının statusunda ən çox diqqəti çəkən məqam isə budur: o, Rəhim Hüseynov haqqında baş nazir kimi bəhs edir. Maraqlıdı, Rəhim müəllimi kim baş nazir təyin etmişdi?

Qısaca olaraq xülasə etdiyim bu nüanslara aydınlıq gətirmək baxımından Arif bəyin bəhs etdiyi dövr ərəfəsində baş verən siyasi prosesləri diqqətinizə çatdırmaq istəyirəm. Əks təqdirdə məsələnin mahiyyətini anlamaq o qədər də asan olmaz.

Ayaz Mütəllibov zəif xarakterli dövlət başçısı olub. Bu mənfi keyfiyyətinə yersiz, lüzumsuz antiregionçuluq fəaliyyətini də əlavə etsək, onun siyasi məğlubiyyətinin əsas səbəblərini daha aydın təsəvvür edə bilərik. Sonradan cənab Mütəllibov özü etiraf edirdi ki, Heydər Əliyev və Azərbaycanın ən passionar bölgəsi Naxçıvana qarşı onun heç vaxt pis niyyəti olmayıb, siyasi gərginliyi yaradan ətrafı olub. Ayaz müəllimin ətrafında sabiq kommunist qruplaşması ilə yanaşı, Rəhim Qazıyev, Tamerlan Qarayev kimi cəbhəçilər də var idi.

20 noyabr 1991-ci il Qarakənd faciəsini əksəriyyətiniz bilirsiniz. Həmin gün dövlət orqanlarında mühüm vəzifələr tutan, bir növ ölkə idarəetməsinin qaymağı sayılan xeyli sayda məmur vertolyotun vurulması ilə qətl edildi. Təkcə Tofiq İsmayılov bütöv bir komandaya dəyərdi…

Xülasə, 20 noyabr faciəsi ilə Mütəllibov daha da gücsüz duruma düşdü və ard-arda Azərbaycana ağır zərbələr vurulmağa başlandı – “Daşaltı əməliyyatı”, Qarabağın dağlıq hissəsindəki azərbaycanlılar yaşayan onlarca kəndin erməni hərbi qüvvələri tərəfindən işğalı və nəhayət, Xocalı faciəsi…

Xocalı faciəsindən sonra Mütəllibovun hakimiyyətdən getməsi labüd görünürdü. Çünki ictimaiyyətin getdikcə güclənən etirazları siyasi boşluq yaradır və onsuz da zəif durumdakı Mütəllibovun vəziyyətini daha da pisləşdirirdi. Bir tərəfdən də AXC və onun hakimiyyət işərisindəki güclü dayaqları yaranan xaosdan öz siyasi mənfəətləri üçün məharətlə istifadə edirdi. Beləliklə, siyasi təzyiqlərə tab gətirə bilməyən Mütəllibov 06 mart 1992-ci ildə istefa vermək məcburiyyətində qaldı. Onu istefaya məcbur edən siyasi koalisiya bir Yusif Sərrac tapdı – tibb professoru Yaqub Məmmədov! O, Ayaz Mütəllibovdan heç də güclü kadr deyildi. Sonradan özünün də etiraf etdiyi kimi, ondan böyük bir siyasi oyunda “peşka” olaraq istifadə ediblər.

Prezident səlahiyyətlərinin Məmmədova verilməsi siyasi situasiyanı nəinki normal axarına döndərə bilmədi, əksinə, vəziyyəti daha da kritikləşdirdi. Daxildə qeyri stabil siyasi vəziyyət və kənar güclərin təsiri nəticədə Şuşanın işğalıyla nəticələndi. Bu durumdan istifadə edən Rusiyadakı mühafizəkar siyasi elita Mütəllibov kartından istifadə etməklə Azərbaycanı yenidən öz çətiri altına almağı düşünürdü. Onların bu cür qeyri-etik siyasi davranışının bir səbəbi də mövcud müxalifətin qədərindən artıq antirusiyaçı mövqedə durmasıydı. Elə İranla münasibətlərin korlanmasında da macəraçı siyasətə üstünlük verilməsi böyük rol oynamışdı. Halbuki dünyada və bölgədə gedən siyasi prosesləri dərindən təhlil edib, daha praqmatik siyasət yürütməklə Rusiya və İranın Qarabağ məsələsində ən azından bitərəf mövqedə durmalarına nail olmaq olardı. Belə bir durum Ayaz Mütəllibovun 14 may tarixində hakimiyyəti yenidən ələ keçirməsi ilə nəticələndi.

Mütəllibov əvvəlki səhvlərindən nəticə çıxarmaq əvəzinə daha böyük yanlışa yol verdi. Onun parlamentdəki çıxışı diktatura rejimi quracağına dair açıq siqnal idi. Onsuz da sədaqətli və monolit komandası olmayan, siyasi elektoratdan mərhum birinin bu cür demarşı onu göstərirdi ki, revanş arzusundadır. Təbii ki, nə iqtidarda olanlar, nə də o vaxt xalq kütlələri arasında böyük nüfuz qazanan AXC bununla razılaşa bilməzdi. Beləliklə, Mütəllibovu ikinci dəfə iqtidardan devirmək üçün bu qüvvələrin koalisiyası yarandı.

Mütəllibov parlamentdəki çıxışında əsəbi şəkildə hər kəsin bostanına daş atdı və dedi ki, Nazirlər Kabineti öz işi ilə məşğul olmaq yerinə siyasi intriqalarla məşğul olub. Həmin vaxt kabinetin başında müvəqqəti olaraq Baş nazirin səlahiyyətlərini icra edən Feyruz Mustafayev oturmuşdu. Buna baxmayaraq, Mütəllibovun bu sözləri birbaşa sabiq Baş nazirə – Həsən Həsənova ünvanladığı siyasi mətbəxin içərisində olan hər kəsə bəlli idi. O, barmağını zalda oturan iri cüssəli bir nəfərə tuşlayaraq dedi: “Рахим Гусейнович, встаньте, пожалуйста!” Sonra da rus və Azərbaycan dillərinin qarışığından ibarət anlaşılması çətin lisanda geniş monoloq söylədi, o adamı xeyli təriflədi, “bu iki ayda yalnız o, mənimlə əlaqə saxlayıb” deyərək, təmiz rus dilində fikrini belə tamamladı: “Я назначаю его премьер-министром!”

Mütəllibovun “Raxim Quseynoviç” dediyi şəxslə Arif Hacılının öz statusunda “o dövrün Baş naziri Rəhim Hüseynov” kimi bəhs etdiyi şəxs eyni adamdır. Ərəb saçı kimi qarmaqarışıq olan 30 il öncənin siyasi mahiyyətini anlamaq üçün bu ad bizim üçün açar rolunu oynayır.

Mən hər zaman o fikirdə olmuşam ki, Ayaz Mütəllibovun 06 mart tarixində zorla istefaya göndərilməsi nə qədər qanuna zidd hadisə idisə, onun 14 may tarixində yenidən hakimiyyətə qayıdışı da bir o qədər qanuna zidd hərəkət olub. Belə ki, o, iqtidardan istefaya zorlandığında əsas səbəb olaraq Xocalı hadisəsi göstərilirdi. Lakin Mütəllibovun bu hadisəyə görə mənəvi və siyasi məsuliyyəti olsa da, hüquqi məsuliyyət daşıdığını iddia etmək mümkün deyil. İkincisi, Xocalı hadisəsinə görə, AXC rəhbərliyinin mənəvi-siyasi məsuliyyəti heç də Ayaz Mütəllibovun daşıdığı məsuliyyətdən az deyil, hətta AXC üzvü Fəhmin Hacıyevin hüquqi məsuliyyət daşıdığını prezident olduğu dönəmdə Əbülfəz Elçibəy də etiraf etmişdi. Bütün bu olanları nəzərə alıb, Mütəllibovun prezidentlikdən uzaqlaşdırılmasını qanunsuz hal və siyasi çevriliş kimi dəyərləndirmək olar. Ancaq buna baxmayaraq, 14 may olayı da onun tərəfindən yol verilən başqa bir qanunsuzluqdu, hətta vətənə xəyanətə bərabər cinayətdi. Çünki Mütəllibov öz haqqının bərpasını parlamentin qərarıyla pərdələməyə çalışsa da, onun revanş cəhdinin arxasında duran, onu bu işə sövq edən Rusiyanın hərbi-siyasi elitası olmuşdu. Bu səbəbdən də o, ciddi qanunsuzluğa yol vermiş və cinayət məsuliyyəti daşıyırdı.

AXC hakimiyyəti dövründə Mütəllibov haqqında qaldırılan cinayət işi də Xocalı məsələsinə görə yox, məhz 14 may hadisələri ilə bağlı olub. Burada ortaya ciddi bir sual çıxır: əgər Mütəllibov həqiqətən də xarici qüvvələrin dəstəyi və təsiri ilə bu cinayətə yol vermişsə, o, buna görə hüquqi məsuliyyət daşıyırdısa, necə oldu ki, onun parlamentdə əsəbi halda təyin etdiyi Baş nazir 3 gün sonra hakimiyyətin bölüşdürülməsi üçün təşkil edilən konspirativ görüşdə baş rollardan birini oynadı və 8 ay AXC hakimiyyətinin Baş naziri oldu? Mütəllibovun 14 may qayıdışı nə qədər qanuna ziddirsə, onun Baş nazir təyin etdiyi adamla hakimiyyət böhranını müzakirə edib, iqtidarı bölüşdürmək də bir o qədər qanunsuz və siyasi etikaya sığmayan hərəkətdir.

Bütün bu deyilənlərdən o nəticə hasil olur ki, Arif Hacılının bəhs etdiyi və bu günə qədər siyasi temalarda müzakirə edilməyən 17 may görüşü istər hakimiyyət, istərsə də müxalifət elitasının bir qrupunun özfəaliyyəti olub. Hakimiyyət daxilindəki o qüvvəni çəkinmədən mafiya adlandıra bilərik. Çünki mafiya deyilən qurum əlində geniş səlahiyyətlər olan, hakimiyyət rıçaqlarını əlində tutan və bundan qanunsuz işlərdə istifadə edən siyasi təşkilatlanmadı. Deyilənlərdən açıq şəkildə görünür ki, həmin bu mafiyanın içərisində AXC nümayəndələri olan Tamerlan Qarayevlə Rəhim Qazıyev də olublar. Qazıyevin hadisələr ərəfəsində SNQ toplantısında iştirakı, elə o günlərdə Rusiya Müdafiə naziri təyin olunan Pavel Qraçovla yaxın ilişkilər qurması, şəxsi nüfuzunu artırmaq üçün özünə saxta sui-qəsd planlaması, Tamerlan Qarayevin isə Qarakənd faciəsində əlinin olması barədə inandırıcılıq payı yüksək olan iddialar o dövrkü siyasi panoramanın üzərinə işıq salır.

Mütəllibovu yenidən hakimiyyətə gətirmək istəyən xarici güclər planlarının suya düşməsini görüb, yeni bir planı, “B” planını işə sala bilərdilər. Elə Abbas Abbasov kimi qaranlıq keçmişə sahib, QRU ilə bağlılığı olan bir personanın Azərbaycan Baş nazirinin müavini təyin olunması, Rəhim Hüseynovun qanunsuz olsa da, Baş nazir kimi saxlanılması, həmin gizli görüşdə hakimiyyəti bölüşdürənlərdən birinin, Rusiyanın adamı kimi tanınan Ziyad Səmədzadənin 1 gün sonra, 18 may tarixində R.Hüseynovun əvvəlki vəzifəsinə, Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədrliyinə və eyni zamanda Baş nazirin 1-ci müavini postuna gətirilməsi oynanılan siyasi oyunun nə qədər idbar və kənardan idxal olunduğunun göstəricisidir. Arif Hacılının dediyi həmin o görüşdə iştirak edənlərin hamısı bir gün sonra yüksək vəzifələrə gətirildilər. Bu da onu göstərir ki, hər iki tərəf nəinki xalqla, hətta təmsil olunduqları siyasi təşkilatla razılıq əldə etmədən gizli sövdələşməyə gedərək, hakimiyyəti bölüşdürmüşlər. Təbii ki, möhkəm bazası olmayan bu iqtidar tez bir zamanda çökməliydi və çökdü də…

Son olaraq, yazıda adı keçən sabiq “baş nazir” Rəhim Hüseynovun bəzi fikirlərini nəzərinizə çatdırmaq istəyirəm. Onun sözlərindən aydın olur ki, həmin o bir illik hakimiyyət nə qədər zəif təməllər üzərində qurulubmuş. Onun dediyinə görə, hətta prezidentin rəhbərliyi altında keçirilən hökumətin yığıncaqlarında hökumət üzvləri əlbəyaxa davaya da çıxırmışlar və prezident də buna seyirçi qalırmış. Ən yaxşısı, sözü Rəhim Hüseynovun özünə verək: “Bir dəfə Rəhim Qazıyev Pənah Hüseynovu az qala öldürəcəkdi. Mən cəld tərpənib onun başına vurmaq üçün götürdüyü külqabını əlindən aldım… Əvvəlcə külqabını, sonra da butulkanı əlindən alanda əlim kəsildi. Elçibəyə dedim ki, sən niyə imkan verirsən belə şeylərə? Dedi, neyniyim, mən onlarla bir yerdə sosiska yemişəm…”

Dəyərli oxucular, təsəvvür edin ki, hazırkı dövlət başçısı, cənab İlham Əliyevin rəhbərlik etdiyi toplantıda iki mühüm vəzifə tutan şəxs bir-birinə külqabı, butulka tullayır… buraxın külqabını, butulkanı, təsəvvür edin ki, iki nazir prezidenti belə, hesaba qatmadan bir-birinə səsini ucaldır…
Sizcə, İlham Əliyev bu durumda nə edər? Heç şübhəsiz, hər iki nazirin səs tellərini kəsər!
İndi təsəvvür edin ki, həmin o bir illik hakimiyyət(sizlik) Azərbaycanı nə qədər geriyə saldı. İndinin özündə belə, o dövrün fəsadları hiss edilməkdədi…

 

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər