featured-image-5958

Təməli 100 il öncə atılan yolun inşasını İlham Əliyev tamamlamaq istəyir

 

Konrad Adenauer: “Tanrı məni məhv olmuş Almaniyanı xilas etmək üşün göndərdi. Mustafa Kamal Atatürkü isə Türkiyəni… yox, yox, onun kimilər bəşəriyyət üçün göndərilir, həm də 200-300 ildə bir dəfə göndərilir!”

 

Azərbaycanın tanınmış qələm adamlarından Elbəyi Həsənli Avropada – İsveçrədə yaşayır. Elbəyi (hesab edirəm ki, ona adıyla müraciət edəcək qədər ərkim çatır) İlham Əliyev iqtidarına ən sərt mövqe ortaya qoyanlardan biridir. Amma hər zaman ağa ağ, qaraya qara deməyi bacaran bir dostumuzdu. Ən əsası isə, Elbəyi vətənini, dövlətini canı qədər sevən biridi. Dövlətimiz üçün taleyüklü məsələlərdə onu heç bir zaman qarşı cəbhədə görmədim, hər daima dövlətimizin yanında oldu. 3 gün öncəyə qədər iqtidarı korrupsiyalaşmaqda, insan haqlarını pozmaqda sərt şəkildə tənqid edən Elbəyi bu gün dövlətin, İlham Əliyevin mövqeyində.

 

Elbəyinin son statusu budur: “Allah Atatürkə rəhmət eləsin… Bəziləri elə zənn edir ki, Türk Dünyası anlayışı təzə söhbətdir. Dünən ortaya çıxıb. Yox, canım. Türk millətinin böyük şəxsiyyətləri elə bu arzu ilə yaşayıb. Türk Dünyasının birliyi uğrunda mübarizə aparanlar sırasında Mustafa Kamal da olub…

Bir daha yada salmaqda fayda var. Naxçıvan ilə Türkiyə arasında quru sərhəddi yox idi. Atatürk pul gücünə İranı yola gətirdi və Türkiyə ilə Naxçıvan arasında 11 km.lik sərhəddin yaranmasına nail oldu.

O vaxt Türkiyə son dərəcə kasıb bir ölkə idi. Buna baxmayarq Atatürk Naxçıvanla sərhəddin əldə olunması üçün hərəkətə keçdi. Çünki bu, strateji məsələ idi. Və bununla da, Türk Dünyasının gələcəyinə əvəzsiz töhfə verdi.

Bolşeviklər çox gözəl bilirdilər ki, türk xalqları bir bayrağın altında birləşmək arzusu ilə yaşayırlar. Ona görə də Naxçıvanla Azərbaycanın əsas hissəsində yerləşən Zəngilan rayonu arasında yerləşən qədim vətən torpağını – Zəngəzur mahalını məqsədli şəkildə ermənilərə verdilər. Verdilər ki, Türk Dünyası arasında quru sərhədlər olmasın. Son dərəcə məkrli siyasi gediş etdilər.

Hazırda Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi davası gedir. İlham Əliyev+Tayyib Ərdoğan bolşeviklərin miras qoub getdiyi bu problemi həll etməyə çalışır. Əli Kərimli də deyir ki, İlham Əliyev boşu-boşuna 50 nəfəri güllə qabağına verdi…

Nə deyim, vallah. Deməyə söz yoxdur…”

media-demir-yumruq

3 gün öncə İlham Əliyev və komandasını sərt tənqid edən dostumuz Elbəyinin strateji bir məsələ ilə bağlı dövlətimizin yürütdüyü siyasətin arxasında durması onun nə dərəcədə vətənpərvər və səmimi olduğuna dəlalət edir.

Elbəyinin bu statusunu oxuyarkən təxminən bir il öncə, Atatürkün anım günündə qələmə aldığım bir yazımı xatırladım. Yazı – Elbəyinin bəhs etdiyi həmin 11 km.lik ensiz zolağın Atatürk tərəfindən necə satın alındığına həsr olunub. Hesab edirəm ki, cənab İlham Əliyev Atatürkün başlatdığı bu işi tamamlamaq istəyir – ZƏNGƏZUR KEÇİDİ ya olacaq, ya da olacaq, başqa bir variant yoxdur!

İlham Əliyev qarşısına qoyduğu məqsədə çatmağı bacaran liderdir. Onu baydenlər, makronlar yolundan saxlaya bilməz, Əli Kərimli-Paşinyan dueti kimdir ki, Rəisə maneçilik törətsin?

Bəhs etdiyim həmin yazımı yenidən diqqətinizə çatdırıram. Və əminəm ki, ATAnın 100 il öncə təməlini qoyduğu yolun inşasını İLHAM ƏLİYEV başa çatdıracaq.

Biz səninlə qürur duyuruq, RƏİS!!!

***

Şəkildə qırmızı dairənin içərisindəki ensiz sarı rəngli zolaq bu gün Türkiyə ərazisidi. Uzunluğu təxminən 25-30 km., eni isə 1-3 km. aralığındadı.

Bu ensiz zolağın 11 km.-i Naxçıvanla sərhəddə düşür. Təxminən 100 il bundan qabaq daşlı-cınqıllı, yalnız qanqal bitən, ilan mələyən verimsiz ərazi İran Qacarlar dövlətinə məxsus idi. Mustafa Kamal Atatürk qacarlara məktub yazıb bildirir ki, ərazini onlara satsınlar. Cavab məktubunda İran şahı ərazinin qarşılığı kimi qızıl pulla 22 milyon lirə istəyir.

Məsələ Böyük Millət Məclisində müzakirəyə çıxarılır. Nəinki Məclisin dindar kəsimi, o cümlədən yenilikçilər, hətta Atatürkün ən yaxınında olan İsmət İnönü və Türkiyənin Atatürkdən sonra ikinci və sonuncu marşalı Fevzi Çakmak paşa da bunun əleyhinə çıxır. Bir tək Kazım Qarabəkir paşa Atanın təklifinə “evet” deyir. O, ərazinin çoğrafiyasını çox gözəl bilirdi, Kars qalası və ətrafı məhz onun sayəsində düşmən tapdağından xilas edilmişdi.

Kazım Qarabəkir paşa öz çıxışında Atatürkü müdafiə etməklə yanaşı, bu ensiz zolağı “Şərq Qapısı”, yəni Böyük Şərqə açılan qapı kimi səciyyələndirir. Ata özü isə, o zolağı “İşıqlı Yol”, yəni işığa gedən yol, bir ayrı anlamda da “Türk Qapısı” adlandırır.

Ancaq məclis dirənirdi. Çıxış edən hər kəs öz fikrini məntiqlə əsaslandırırdı. 22 milyon qızıl pul! Bu məbləğ o vaxtkı Türkiyənin ümumi büdcəsinin hardasa 1/3-i demək idi. İqtisadi vəziyyət olduqca ağır idi, Türkiyə bu məbləği ödəmək gücündə deyildi. Ayrıca, savaş təzminatı kimi Osmanlı dövlətinə kəsilən təzminatı da Türkiyənin üzərinə qoymaq istəyirdilər.

Atatürk bu məbləği əldə edəcəyinə əmin idi. O, bəzi kompromislər qarşılığında Sovet Rusiyasından 22 milyon qızıl pul alacağını bilirdi. Lenin bu haqda ona məktub da yazmışdı. Arkadaşları Atatürkə irad tuturlar ki, Qızıl Rusiyanın verəcəyi qızıl pulları iqtisadiyyatın dirçəlişinə sərf etmək yerinə kol-kos basmış, çınqıllı-daşlı, barsız əraziyə xərcləmək siyasi diletantlıqdı. Bu tikanlı sözlərə cavab olaraq Mustafa Kamal tarixi çıxış edir:

– Heç bir imperiya əbədi deyil. Gün gələcək Sovetlər birliyi də dağılacaq. Sovetlərin işğalı altında olan türki cümhuriyyətləri öz istiqlaliyyətinə qovuşacaq. O böyük günə indidən hazır olmalıyıq. Dəyəri olmadığını zənn etdiyiniz ensiz torpaq zolağının əsil dəyəri bax, həmin o gün bilinəcək. Həmin o gün 50 il sonra da ola bilər. 100 il sonra da ola bilər. Amma mütləq o gün gələcək. Biz də o gün o bar verməyən, daşlı-kəsəkli, ensiz yolla qardaş türki cümhuriyyətlərilə əlaqələr qurub, Böyük Türk Evini inşa edəcəyik!

media-turk_dunyasi_03516675-k

 

Atanın bu çıxışından sonra hər kəs susur və…

Məclis yekdilliklə qərar qəbul edir: 22 milyon qızıl pul qarşılığında o gün Türk Qapısı, Şərq Qapısı, İşıqlı Yol, bu gün isə Dilucu Qapısı adlanan ensiz torpaq zolağı İran şahlığından satın alınır. Beləliklə, Atatürk Türkiyəsi Naxçıvanla, onun vasitəsilə Azərbaycanla, ardınca da birbaşa Türküstanla əlaqə yaradır.

Atatürk bu qərarı qəbul edəndə XI Qızıl Ordu AXC iqtidarını devirib, yerində Bolşevik Azərbaycanı qurdu. Hadisələrin bu cür gedişatına Ata müdaxilə etmədi, müşahidəçi qaldı. Dayaz düşüncə sahibi olanlar indi də deyir ki, Atatürk Azərbaycanı satdı. Əslində isə, Ata çox gözəl bilirdi ki, Qərbdə bir çox düşmənlə üz-üzədi. Şərqdə yeni bir cəbhə açıb, dişli Bolşevik Rusiyası ilə üz-üzə durmaq nəinki Azərbaycanı xilas etməz, əksinə, Ərzuruma qədər torpaqları da itirə bilər.

Mustafa Kamal bütün bunları anlayırdı. O gözəl başa düşürdü ki, Bolşevik Rusiyası Bakı neftini heç cür əldən verməz, nəyin bahasına olursa olsun, Azərbaycanı işğal edəcək. Bir neçə cəbhədə döyüşən Türkiyənin isə bunun qarşısını almağa nəinki gücü yetməz, hətta hadisəyə müdaxilə edəcəyi təqdirdə özü də hər şeyini itirə bilər. Odur ki, Atatürk o günün şərtləri daxilində mümkün olan maksimum nəticə əldə etmək üçün Azərbaycanı güzəştə getdi, qarşılığında Şərqə bir qapı açdı. Elə qapı ki, bu qapı türk dünyasının gələcəyinə işıq saçırdı.  O, həm də bu böyük projeni Sovet Rusiyasının pulu ilə etdi. O Rusiya ki, dağılacağı günü öngörmüş və o günə hazır olmaq üçün onun puluyla sərmayə qoymuşdur. 100 il öncə Atanın qoyduğu 22 milyonluq sərmayənin bugünkü dəyəri… bunun tam dəyərini heç kim dəqiq söyləyə bilməz. Böyük Türk Evinin dəyəri nə qədərdisə, o 22 milyonun bugünkü dəyəri də o qədərdi…

P.S. Sovet hakimiyyəti vaxtı Naxçıvanda dərc olunan qəzetlərdən ikisinin adı beləydi: “Şərq Qapısı” və “İşıqlı Yol”. Mən bunun təsadüf olduğunu sanmıram.

 

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər