Anqlosaksonizmin Avrasiyaçılıq qarşısında məğlubiyyəti!
Azərbaycanda Duqinaya qarşı siyasi terrora haqq qazandıranlar yanlış yoldadı…
Rusiyanın məşhur ictimai xadimi, filosof və politoloq, Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Darya Duqinanın terror nəticəsində öldürülməsi anti-Rusiya koalisiyasına bağlı olan rusiyadaxili qüvvələrin işidir.
ABŞ və Qərbin Rusiyanı Ukraynada qəfil yaxalayaraq, müharibəyə cəlb edib, məğlub etmək, parçalamaq çəhdləri demək olar ki, tam fiaskoya uğrayıb. Ukrayna müharibəsində Kiyevin üstün mövqedə olması fikri yalnız Qərbin informasiya resursları tərəfindən məqsədli şəkildə dünya ictimaiyyətinin fikir və düşüncəsinə sırıdığı yalandır.
Belə olan halda, həmin anti-Rusiya qüvvələri öz məğlubiyyətlərini terror törətmək və bunun nəticəsində ölkəni daxilndən çalxalamaq yolunu seçiblər. Hətta Qədim Roma imperiyasının zamanından belə, cəmiyyətdəki tanınmış adamlara süi-qəsdlər təşkil etməklə, ölkələrdəki daxili vəziyyəti nəzarətdən çıxarma taktikaları olub.
Azərbaycan da müstəqillik tarixində belə terror hadisələrilə çox üzləşib. Afiyyədin Cəlilov, Şəmsi Rəhimov, Ziya Bünyadov, Fətullah Hüseynov və s. kimi tanınmış xadimlərin siyasi terror nəticəsində aradan götürülməsi buna sübutdur. Həmin vaxt da hədəf kimi öldürülən şəxslərdən daha çox Azərbaycan dövlətçiliyi seçilirdi.
Çox təəssüflə qeyd edim ki, Azərbaycanda Duqinin 30 yaşlı qızına qarşı törədilən terrora sevinənlərə, bu addımı alıqışlayanlara rast gəlirik. Bu mövqeyi bölüşənlər arasında cəmiyyətdə tanınmış sayılan bəzi şəxslərin olması daha məyyusedicidir. Biz cəmiyyət olaraq bu cür psixoloji gərginlik fazasına daxil olmuşuq ki, terrora haqq qazandırırıq? Məgər, terrorun vətəni var?
Bu iyrənc hadisə zamanı 30 yaşlı cavan bir qız atasına görə hədəf seçilib. Buna necə sevinmək olar? Həmin o sevinənlərin öz ictimai mövqelərinə görə övladları öldürülsə, bunu necə qarşılayarlar?
Bəziləri bu “sevinclərini” Rusiyanın törətdiyi 20 yanvar, dolayısı ilə əlinin olduğu Xocalı qətlamı ilə kompensasiya edib, özlərini haqlı çıxarmağa çalışırlar. Duqinin həmin hadisələrə nə dəxli var?
Aleksandr Duqin təsadüfən hədəf seçilməyib. O, son vaxtlar geniş populyarlıq qazanan Avrasiyaçılıq ideologiyasının əsas ideoloqudur. Bu ideologiyanın əsas məğzi bəşəriyyəti birqütblü hegemon idarəiçilikdən xilas etməkdir. Yəni anqlosaks ittifaqına qarşı qoyulan alternativ nəzəriyyədir. Diqin əlinə silah alıb kiminləsə vuruşmur ki, onunla silahla haqq-hesab çəkənlərə haqq qazandıraq.
Duqin bir alimdir. Onunla mübarizə də ideoloji müstəvidə aparılmalıdır. Əslində, Qərb ideoloqları bu hadisə ilə Avroasiyaçılıq qarşısında duruş gətirə bilmədiklərini bir daha sübut etmiş oldular.
Terrora lənət deyək!
Allahdan Darya Duqinə rəhmət diləyirəm!
Məhəmmədəli Qəribli