ABŞ hökuməti Konqresə Türkiyəyə “F-16”ların satışına dair sorğu göndərib
ABŞ administrasiyası Türkiyəyə “F-16” qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib.
Bunu çərşənbə axşamı Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi müntəzəm mətbuat brifinqində təsdiqləyib. ABŞ ordusunun sözçüsü Vaşinqtonun Ankaraya “F-16”ların tədarükü ilə bağlı sualı cavablandırarkən deyib:
“Məsələnin Konqres tərəfindən nəzərdən keçirildiyini diqqətə alaraq, bu işin hazırkı vəziyyəti barədə danışmaq hüququnu Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə verərdim. Əlbəttə, ABŞ-Türkiyə ikitərəfli münasibətlərinə gəlincə, biz həmişə Türkiyənin vacib tərəfdaş və müttəfiq olduğunu demişik. Bu əlaqələri necə gücləndirə biləcəyimiz, müdafiəni necə təmin edə biləcəyimiz mövzusunda Türkiyə liderləri ilə işləməyə davam edəcəyik”, – deyə Rayder bildirib.
Mənbə: TASS