featured-image-6426

Qərbə inteqrasiya Ermənistan üçün bir fəlakət olar və onun dövlət kimi varlığı təhlükə altına düşər

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərində ən diqqətçəkən məqamlardan biri iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair bir sıra məsələlərin müzakirə olunmasıdır. ABŞ Ermənistanı silahlandıracağı ilə bağlı Azərbaycanı təhdid edir. Eyni zamanda, ABŞ ATƏT-in Minsk qrupunu dirçəltmək cəhdini sərgilədi. Bununla da, Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atdığı real addımların reallaşmasına imkan verməyəcəyinin mesajını verdi.

 

Məsələ tamamilə çılpaqdır: ABŞ sülh müqaviləsinin imzalanmasını dəstəkləyir, amma nə Rusiyanın, nə də Avropanın bu məsələdə üstün təşəbbüsünü qəbul edir. Qəbul etmirsə, deməli, hər vəchlə sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışacaq.

Hazırda ASALA erməni terror təşkilatının aktivləşməsi və Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə hücumların təşkil edilməsi məhz ABŞ-ın iradəsi ilə həyata keçirilir. ABŞ başa düşür ki, sülh müqaviləsi Vaşinqtonun iradəsindən kənarda imzalansa, bütövlükdə Ermənistanı da itirəcək.

ABŞ Brüssel görüşlərinə də, Moskvanın vasitəçiliyinə də qarşıdır. O, belə düşünür ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin əsas təşkilatçısı nə Avropa, nə Rusiya olmalıdır – Vaşinqton olmalıdır!

Heç şübhəsiz ki, ABŞ Rusiyanın Ukraynada müharibə aparmağa təhrik etməklə də, Avropanı zəiflətmək məqsədini qarşısına əsas prioritet kimi qoymuşdu.

Artıq ABŞ və Rusiyanın Cənubi Qafqazda uğrunda apardığı savaş yeni və aqressiv mərhələyə qədəm qoyub.

Bəs, Ermənistan hansı təhlükə ilə üz-üzədir?

ERMƏNİSTAN – ABŞ-a meyllidir. 2018-ci ildə bu ölkədə qərbyönümlü şəxslərin inqilab yolu hakimiyyətə gəlməsindən sonra Rusiyanın Azərbaycana qarşı münasibətində ciddi istiləşmə müşahidə olundu. Şəksiz, nümayişkəranə şəkildə Rusiyadan uzaqlaşan ölkələr hərbi təcavüzə və ərazi itkisinə məruz qalmalı oldular. Düşünürəm ki, Rusiyadan qopmağın yolu nümayişkəranə düşmənçilikdən yox, müttəfiqlikdən keçir.

 

– 2008-ci ildə Tbilisi Moskvanın dairəsindən tamamilə çıxmışdı, ona görə də Rusiya müharibə edərək Gürcüstan ərazilərini işğal etdi;

– 2013-cü ildən etibarən Ukrayna Rusiyadan uzaqlaşdı, Krım ilhaq edildi;

– 2018-ci ildən etibarən isə İrəvan sürətli şəkildə Kremldən uzaqlaşmağa başladı. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana döyüşün taleyini dəyişəcək dəstək verməməsi və əksinə, Azərbaycanın ərazi bütövlüyünün  qorunmasının vacibliyi istiqamətində açıq siyasi dəstək verməsi İrəvanın məğlubiyyətində az rol oynamadı.

 

Müharibə zamanı Ermənistan rəhbərliyi müxtəlif manevrlərlə Rusiyaya yaxınlaşsa da, Kreml bu hiyləni anlayırdı. Təsadüfi deyil ki, müharibədən dərhal sonra İrəvan Qərbə istiqamətlənəcəyini yenidən bəyan etdi.

ABŞ İrəvana hərbi dəstək göstərərsə; və Ermənistan ABŞ-la açıq müttəfiqliyə gedəcəksə, bu, Rusiya-Azərbaycan arasındakı müttəfiqliyi aktiv fazaya keçirəcək. Moskva İrəvanının xəyanətini qəbul etməyəcək və bu zaman Ermənistanın bir dövlət kimi mövcudluğu tamamilə sual altına düşəcək.

ABŞ-ın İrəvana bu dəstəyi, əslində, Ermənistanın “qorunması” üçün yox, İran ətrafında daha bir hərbi risklər yaratmaq üçün həyata keçirilməyə çalışılır. Gələcəkdə Ermənistan ərazisindən İranı hədəf almaq ABŞ-ın gizli məqsədidir.

Bu amil Azərbaycan üçün Zəngəzur məsələsinin əhəmiyyətini daha da artırır. Ona görə də ABŞ bir neçə gün əvvəl Ermənistanın törətdiyi təxribatlara Azərbaycanın cavab tədbirlərini “başqa ölkənin ərazisinə təcavüz” kimi qiymətləndirir. Başa düşür ki, Çin-Türkiyə və Rusiyanın orbitində hərəkət edən proseslər dəhlizin açılması ilə ABŞ-ın Şərq siyasətini bloklayacaq. Azərbaycan mümkün qədər dəhlizin açılması prosesini sürətləndirməlidir.

***

Bəs, Ermənistanın ABŞ-a tərəf getməsi Azərbaycan üçün nələr vəd edir? Hesab edirəm ki, bu, bizə sərf edir. Çünki belə olan halda Rusiya özü Ermənistanı məhv edəcək.

Faktlara diqqət edək:

– Hazırda Ermənistanda 1500-dən artıq müəssisə Rusiya kapitalı ilə fəaliyyət göstərir. Bu, xarici kapitallı müəssisələrin təxminən 35%-i deməkdir;

– Ermənistanın Azərbaycan, Türkiyə və İranla olan sərhədlərini Rusiya FTX-nin sərhəd qrupu qoruyur;

– Ermənistanda təbii qazın nəqli və paylanması sistemlərinin əksəriyyəti Rusiyaya – “Qazprom” şirkətinə məxssudur, “Qazprom Armenia” onun törəmə şirkətidir. (Ermənistanın qaz təchizatını həm də İran-Ermənistan qaz kəməri həyata keçirir). Artıq “Qazprom” dünən Ermənistandan qaz borcunun ödənilməsi tələbini irəli sürüb;

– Ermənistanda nüvə yanacağının da əsas təchizatçısı Rusiyadır;

– Ermənistana həmişə ən çox silah verən ölkə Rusiya olub;

– Ermənistandan Rusiyaya idxalın həcmi 73% təşkil edir;

– Rusiyanın 102-ci hərbi bazası Ermənistandadır;

– Ermənistanın “milli” qüvvələri, “Qarabağ klanı” tamamilə Rusiyaya bağlıdır;

– Hazırda Rusiyada 5 minə yaxın erməni tələbə təhsil alır, onlardan təxminən 2 minə yaxın tələbənin təhsil haqqını Rusiya ödəyir;

– Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 1 milyard 970 milyon dollar təşkil edir;

– Ermənistanın infrastrukturunun əksəriyyəti (eləcə də dəmir yolları) Rusiya investisiyasından asılıdır;

– Ermənistanın büdcə gəlirləri 1 trilyon 569 milyard dram təşkil edir və bu, 3 milyard 70 milyon dollara bərabərdir. Ölkənin xarici borcu isə 10 milyarda yaxındır. Hər bir Ermənistan vətəndaşının borcu 3032 dollar təşkil edir;

– Ermənistana ümumi ixracın 80%-i Avrasiya İttifaqının payına düşür, bura neft məhsullarından tutmuş ərzağa qədər bütün strateji məhsullar daxildir.

 

İndi təsəvvür edin ki, Ermənistan Rusiyadan qopub, Qərbə inteqrasiya edir. Bu, Ermənistan üçün bir fəlakət olar və onun dövlət kimi varlığı təhlükə altına düşər. Biz bu durumdan maksimum istifadə etməyə çalışmalıyıq. Başqa alternativ yoxdur…

 

Samir Feyruzov

Bənzər xəbərlər